5-09-2026, 10:02 | Ölkəyə idxal olunan qeyri-qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib.
Respublica.Az Trend-ə istinadən bildirir ki, Bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilən müvafiq qanun sentyabrın 5-dən qüvvəyə minib.
Qanuna əsasən, texniki reqlamentlər və istinad edilmiş standartlar tətbiq olunan mallar ölkəyə gətirilərkən onların təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənədlər - uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməlidir.
Bununla əlaqədar Gömrük Məcəlləsinin həm gömrük orqanlarının hüquqlarını, həm də gömrük nəzarətinin formalarını müəyyən edən maddələrinə dəyişiklik ediləcək. Dəyişikliklər gömrük əməkdaşlarına idxal olunan malların qeyd olunan uyğunluq sənədləri ilə müşayiət olunmasını yoxlamaq səlahiyyəti verəcək.
"Texniki tənzimləmə haqqında" qanunun tələblərinə görə texniki reqlamentlərə uyğun olmayan və ya uyğunluğu qiymətləndirilməmiş məhsulların istehsalı, satışı, idxalı və istifadəsi qadağandır.
Qanunun məqsədi texniki reqlamentlərin tələblərinə cavab verməyən və təhlükəli hesab olunan qeyri-qida istehlak mallarının ölkəyə gətirilməsinin qarşısını almaq, idxal nəzarəti mexanizmini təkmilləşdirmək və istehlakçıların təhlükəsizliyini artırmaqdır.
Yeni qaydalar yerli və xarici mənşəli məhsullar üçün eyni tələblərin tətbiqini təmin edəcək, rəqabət mühitinin qorunmasına və yerli istehsalın dəstəklənməsinə xidmət edəcək. Eyni zamanda insanların həyatı və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlət maraqlarına təhlükə yarada biləcək məhsulların idxalının qarşısı alınacaq.
Qanunda qeyri-qida mallarının idxalı ilə məşğul olan sahibkarların yeni tələblərə uyğunlaşması üçün 24 aylıq keçid dövrü də nəzərdə tutulub. Dəyişikliklər texniki reqlamentlər və istinad edilmiş standartlar qüvvəyə mindikdən 2 il sonra idxal olunan mallara şamil ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 6-da imzaladığı bu qanunun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Fərman da sentyabrın 5-də qüvvəyə minib.
Respublica.Az
4-09-2026, 09:37 | Dollar almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Respublica.az xəbər verir ki, avronun məzənnəsi 0,3 % artaraq 1,9765 manat, 100 Rusiya rublunun məzənnəsi 0,4 % artaraq 1,9579 manat təşkil edib.
Respublica.az
4-09-2026, 09:26 | Avtomobillərin ekoloji sinfinin müəyyən edilməsi məqsədilə gömrük ekspertizası aparılacaq

Azərbaycanda avtomobillərin ekoloji sinfi və texniki uyğunluğunun müəyyən edilməsi məqsədilə gömrük ekspertizası aparılacaq.
Respublica.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafiq qanun sentyabrın 3-dən qüvvəyə minib.
Qanuna əsasən, aşağıdakı məqsədlərlə də gömrük ekspertizası aparılacaq:
avtonəqliyyat vasitələrinin ekoloji sinfinin və texniki uyğunluğunun müəyyən edilməsi;
gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilmiş, yaxud məhdudlaşdırılmış malların müəyyən edilməsi;
kimyəvi silahların, habelə onların hazırlanması, istehsalı və artırılmasında (yığılmasında) istifadə olunan kimyəvi maddələrin müəyyən edilməsi;
tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair sahiblik hüququnun müəyyən edilməsi.
Məlumat üçün bildirək ki, ölkədə daha əvvəl aşağıdakı məqsədlərlə gömrük ekspertizası aparılırdı:
malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi;
malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi;
ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması;
malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi;
sərhədlərarası daşınmasına icazə əsasında yol verilən və ya qadağan olunmuş təhlükəli tullantıların müəyyən edilməsi;
radiasiya təhlükəsi olan malların müəyyən edilməsi;
malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi.
Qeyd edək ki, bu qanun layihəsi ilk dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 29-da keçirilən iclasında təqdim edilib.
İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirilib ki, layihənin əsas məqsədləri sırasında Azərbaycanın tranzit potensialının daha da inkişaf etdirilməsi, etibarlı tərəfdaşlıq institutunun təşviqi, gömrük əməliyyatlarında sadələşdirmələrin genişləndirilməsi, habelə gömrük nəzarətində müasir və çevik yanaşmaların tətbiqi xüsusi yer tutur.
Tranzit potensialının inkişaf etdirilməsi ilə bağlı yeniliklərdən danışan Şahin Bağırov multimodal daşımalarda "bir elektron bəyannamə" prinsipinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, beynəlxalq tranzit sistemlərinə inteqrasiya və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması kimi yeniliklər də Azərbaycanın tranzit ölkə kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.
Layihədə etibarlı tərəfdaşlığın təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklərdən bəhs edilərkən Səlahiyyətli İqtisadi Operator statusunun əhatə dairəsinin genişləndirilməsi və gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi barədə məlumat verilib.
Gömrük əməliyyatlarında sadələşdirmələrlə bağlı təklif olunan yeniliklər sırasında inzibati aktların elektronlaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, eləcə də Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqi xüsusi qeyd olunub.
Vurğulanıb ki, bu dəyişikliklər inzibati proseslərin legitimliyinin möhkəmləndirilməsinə, sahibkarlıq subyektlərinin üzərinə düşən inzibati yükün azaldılmasına və daha əlverişli hüquqi mühitin formalaşdırılmasına xidmət edəcək. Sənəddə, eyni zamanda, gömrük nəzarətinin və audit mexanizmlərinin hüquqi əsaslarının dəqiqləşdirildiyi, bu sahədə yeni prosedurların müəyyən olunduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, gömrük nəzarəti formalarının həyata keçirilməsi üzrə ayrıca qaydanın hazırlanması, həmin qaydalarda mütənasiblik, əsaslandırma, sənədləşdirmə, videoçəkiliş və şikayət mexanizmlərinin nəzərdə tutulması insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir.
Vurğulanıb ki, Gömrük Məcəlləsinin yeni redaksiyası gömrük tənzimlənməsinin daha çevik, şəffaf və biznesyönümlü modelə keçirilməsinə, xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli təşkilinə, ölkənin tranzit və logistika imkanlarının genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacaq.
Respublica.az
4-09-2026, 09:15 | Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşmaqda davam edib.
"Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,48 dollar və ya 0,50% artaraq bir barel üçün 96 dollara çatıb.
WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 0,73 dollar və ya 0,80% bahalaşaraq 92,03 dollar təşkil edib.
Respubluca.az
10-05-2026, 12:37 | Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.
Bu gün Ermənistana 16 vaqon (986 ton) dizel yanacağı göndəriləcək.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 9 min ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
6 vaqondan ibarət, çəkisi 406 ton olan gübrə və 4 vaqondan ibarət, çəkisi 276 ton olan taxıl 10 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
2-04-2026, 11:51 | AMB faiz qərarı VERDİ

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.
Beləliklə, Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% səviyyəsində saxlanlıb
Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
Hazırda illik inflyasiya hədəf daxilindədir. 2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.8%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% təşkil edib. İllik baza inflyasiya 5.6% olub. Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır.
Cari ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin fevralında 27.7%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2026-cı ilin I rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 1.2% artaraq 11.7 mlrd. ABŞ dollarına çatıb.
Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarətində 1.1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır. Son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi cari əməliyyatlar hesabı profisitinin artma istiqamətində dəyişmə ehtimalı yaradır.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edir. Faiz dəhlizi parametrlərinin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub. Belə ki, AZIR indeksinin orta günlük səviyyəsi 2026-cı ilin yanvarında 6.70% olduğu halda, bu göstərici fevralda 6.54%-ə, martda isə 6.47%-ə enib. Ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Mərkəzi Bank, əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırıb.
Baza ssenariyə əsasən, 2026-cı ilin və 2027-ci ilin sonuna illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Son meyillərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.
Ötən iclasdan bəri inflyasiya riskləri balansına artırıcı təsir göstərə bilən amillərin aktivləşməsi müşahidə olunur. Regionda gərginliyin kəskin fazaya keçməsi qlobal əmtəə və maliyyə bazarlarında qiymət və indekslərin dəyişkənliyini yüksəltməkdədir. Bu şəraitdə əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Belə ki, qlobal neft-qaz təchizat zəncirlərində pozuntuların yaranması, enerji məhsullarının qiymətinin artımı və logistika xərclərinin yüksəlməsi ticarət tərəfdaşlarında inflyasiyanın artımına səbəb ola bilər. İdxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi riski ticarət tərəfdaşlarında inflyasiya prosesləri ilə yanaşı, nominal effektiv məzənnənin dinamikasından da asılı olacaqdır. Daxili risk faktorları arasında təklif - xərc amilləri mühüm olaraq qalır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. İnflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımları atılacaqdır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il may ayının 6-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir./Banker.az
7-02-2026, 09:16 | Benzinlə bağlı yeni QƏRAR - 30 gündən sonra

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, bundan sonra bir sıra mallar, o cümlədən avtomobil benzini üçün rüsumlar ayrıca müəyyən ediləcək.
Qərar 30 gündən sonra qüvvəyə minəcək.
7-02-2026, 09:13 | Krediti onlayn yoxsa əyani götürmək sərfəlidir?

Banklar kredit götürmək istəyən şəxslərə 2 əsas kredit üsulu təklif edir. Onlayn və əyani kredit müraciətlərində məbləğ eyni olsa da, amma faiz dərəcələri, komissiyalar bir-birindən fərqlənə bilər.
Bəs hansı müraciət forması daha sərfəlidir ?
İstehlak kreditlərində onlayn müraciətlərin aparılması daha sürətli və faiz dərəcələri aşağı olur. Çünki burada daha az resurs, az sayda kağız və işçi istifadə olunur.
Əksər hallarda müştərilərə kredit götürərkən bir neçə sığorta növü təklif olunur. Bu sığortalara həyat sığortası da daxildir, kredit alan şəxsin vəfat etməsi halında kredit öhtəliyi bank tərəfindən qarşılanır. Lakin krediti vaxtından əvvəl tam ödədikdə sığorta haqqının istifadə olunmayan hissəsi sığorta şirkəti tərəfindən geri qaytarıla bilər. Buna baxmayaraq bir çox şəxs bu hüquqdan xəbərsizdir.
Sıöortanın qaytarılmasının əyani və ya onlayn olması rolu azdır. Burda əsas sığorta şirkətinin yanaşmasıdır. Müqavilədə qaytarılma təsbit olunubsa, bu, qaytarılacaq. Ödənişin qaytarılması texniki tərəfdən zaman ala bilər və ya qaytarılması mümkün olmaya da bilər.
Mütəxəssislər qeyd edirlər ki, bu hallarda bank əməkdaşları şərtlərlə bağlı müştərilərə məlumat verməli, qaranlıq qalan məqamları aydınlaşdırmalıdırlar. Milli.Az
25-08-2025, 09:22 | Ət qiymətləri rekord səviyyəyə çatdı

İyul ayında beynəlxalq ət və bitki yağları qiymətlərinin artması səbəbindən qlobal ərzaq qiymətləri 1,6% yüksəlib.
Bu barədə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının hesabatda qeyd olunub.
Məlumatda bildirilib ki, ət qiymətləri indeksi iyulda aylıq bazada 1,2% artaraq 127,3 xalla rekord səviyyəyə çatıb. İllik artım isə 6%-ə bərabər olub.
ABŞ-də Dana əti qiymətləri son bir ildə 15,9% artaraq 453 qram üçün 6,3 dolları keçib. Son iki ildə qiymətlər davamlı yüksəliş trendi göstərir.
Avropa İttifaqı ölkələrində də ət qiymətləri rekord həddə çatıb. Aİ Komissiyasının məlumatına görə, 11-17 avqust həftəsi üçün 100 kiloqram ət 662,31 avro olub və illik artım 32,8%-dir. Bu artım, Ai-də illik 2,3% olan inflyasiyanı xeyli üstələyir.
İngiltərədə isə ət qiymətləri tarixdə ən yüksək səviyyəyə çatıb. Keçən il avqustda 1 kiloqram ət 7,2 funt idisə, bu il 10,6 funt olub. İllik artım 47%-dir, ölkədə isə inflyasiya 3,8% ölçülüb.
Analizlərə görə, qlobal ət qiymətlərindəki artım camış və qoyun əti qiymətlərinin yüksəlməsi ilə əlaqədardır. Xüsusilə Çin və ABŞ-dən gələn güclü tələbat qiymətləri artırıb. Bu tələbat Avstraliya və Braziliya kimi böyük istehsalçı ölkələrdə də qiymətləri yuxarı çəkib.(Teleqraf)
12-12-2024, 10:06 | Neftimiz bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.63 ABŞ dolları və ya 0.83% artaraq 76,54 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 75,91 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.















