30-10-2026, 21:57 | Sahil Babayevə yeni müavin təyin edildi - dosye

Azərbaycanın maliyyə naziri Sahil Babayevə yeni müavin təyin olunub.
Respublica.az axar.az-a istinadən bildirir ki, Prezident İlham Əliyevin 30 oktyabr 2026-cı il tarixli sərəncamı ilə Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib.
Sadiq Əliyev bu təyinata qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb.
1984-cü ildə anadan olan Sadiq Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistr təhsilini fərqlənmə ilə başa vurub.
Əmək fəaliyyətinə 2005-ci ildə özəl sektorda başlayıb. 2006-2019-cu illərdə Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2019-cu ildə İqtisadiyyat Nazirliyinin Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib.
2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri olub.
2024-cü ildə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri təyin edilib və 2026-cı ilin yanvarınadək bu vəzifədə çalışıb.
2026-cı il yanvarın 8-də Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub.
Sadiq Əliyev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin və Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, üç övladı var.
Respublica.az
30-10-2026, 15:57 | Xırdalanda ŞOK tikinti özbaşınalığı: Abşeron Rayon İcra Hakimiyyəti hara baxır? – VİDEO

Abşeronda qanunsuz tikinti iddiaları və sakinlərin narazılığı davam edir. Xırdalan şəhərində aparılan tikinti işləri ilə bağlı sakinlər aidiyyəti qurumların hərəkətsizliyindən şikayətlənirlər.
Ölkəmizdə şəhərsalma və tikinti sahəsində qayda-qanunlara riayət olunmasının vacibliyi dəfələrlə vurğulansa da, Abşeron rayonunun Xırdalan şəhərində baş verənlər bir sıra suallar doğurur.
Respublika.az redaksiyasına Xırdalan şəhəri, Osman Sərvərli.küçəsində yaşayan bir qrup sakin müraciət edərək ərazidə aparılan tikinti işlərindən narazılıqlarını bildiriblər.
Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl ərazidə fərdi yaşayış evinin yerləşdiyi sahədə ikimərtəbəli obyektin tikintisinə başlanılıb. Onlar iddia edirlər ki, tikinti işləri gündəlik həyatlarına ciddi maneələr yaradır, evlərində rahat yaşamaq imkanlarını məhdudlaşdırır.
Sakinlər narazıdır: rahatlığımız pozulub
Müraciət edən vətəndaşların bildirdiyinə görə, inşa olunan obyektin hündürlüyü ətrafdakı yaşayış evlərinə təsir göstərir. Sakinlər tikinti başa çatdıqdan sonra evlərində əvvəlki rahatlıqla yaşaya bilməyəcəklərindən narahatdırlar.
Bununla yanaşı, əraziyə beton daşıyan ağırtonnajlı avtomobillərin daxil olması da əlavə problemlər yaradır. Sakinlər bildirirlər ki, beton tökülən zaman avtomobillər yolu bağlayır, gediş-gəliş çətinləşir. Tikinti ilə əlaqədar yaranan səs-küy isə onların sözlərinə görə, gecə saatlarında belə istirahətlərinə mane olur.
Ən ciddi suallardan biri isə torpaq sahəsinin təyinatı ilə bağlıdır. Sakinlər iddia edirlər ki, tikintinin aparıldığı ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.
Belə olan halda sual yaranır: torpağın təyinatı və tikintiyə dair qanuni tələblər nəzərə alınmaqla, həmin ərazidə ikimərtəbəli obyektin inşasına hansı əsasla başlanılıb? Tikinti üçün müvafiq icazələrin və zəruri sənədlərin olub-olmaması aidiyyəti qurumlar tərəfindən araşdırılıbmı?
İcra hakimiyyətinə müraciətlər nəticəsiz qalıb?
Sakinlərin sözlərinə görə, onlar yaranmış problemlə bağlı dəfələrlə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin müraciətlərinin nəticə vermədiyini bildirən vətəndaşlar aidiyyəti qurumların məsələyə daha ciddi yanaşmasını istəyirlər.
Onların iddiasına əsasən, müraciət edən şəxslər İcra Hakimiyyətinin memarlıq şöbəsinə yönləndirilsələr də, bu, narazılıqlarının aradan qaldırılmasına kömək etməyib.
Bu vəziyyət haqlı suallar doğurur: Xırdalan şəhəri, Osman Sərvərli küçəsində aparılan tikintiyə nəzarət edən qurumlar hansı tədbirləri görüblər? Torpaq sahəsinin təyinatı, tikinti sənədləri və işlərin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılıbmı?
Əgər tikinti zamanı hər hansı qanun pozuntusu müəyyən edilərsə, bunun qarşısını almaq və məsul şəxslərlə bağlı qanuni tədbirlər görmək aidiyyəti qurumların vəzifəsidir.
Sakinlər Prezidentdən kömək istəyirlər
Problemin həllini tapmadığını bildirən sakinlər artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək məsələnin nəzarətə götürülməsinə və obyektiv araşdırılmasına kömək göstərilməsini istəyirlər.
30-10-2026, 15:43 | Azərbaycanda yeni qurum yaradılır

Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq. Özəl məhkəmə ekspertlərindən 10 faiz dərəcə ilə vergi tutulacaq, onlar gəlirlərinin 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər, icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Özəl Məhkəmə Ekspertlərinin Palatası
Özəl Məhkəmə Ekspertlərinin Palatası (Palata) üzvlərinin hüquqlarını və qanuni mənafelərini qorumaq, onların fəaliyyətini əlaqələndirmək məqsədilə özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olacaq.
Palatanın möhürü, emblemi, bank hesabı, müvafiq ştampları və blankları olacaq.
Palata bu qanun və Palatanın Ümumi yığıncağında qəbul edilmiş nizamnaməsi əsasında fəaliyyət göstərəcək.
Palatanın idarə olunması qaydası onun nizamnaməsi ilə tənzimlənəcək. Palataya Palatanın İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edəcək.
Palatanın maliyyələşmə mənbələri aşağıdakılar olacaq:
Palata üzvlərinin üzvlük haqları;
Palata üzvlərinin intizam tənbeh tədbiri kimi cərimə edilməsindən daxilolmalar;
ianələr.
Palata üzvlərinin üzvlük haqqının məbləği, onun ödənilməsi müddəti və qaydası Palatanın nizamnaməsi ilə müəyyən olunacaq.
Palatanın aşağıdakı səlahiyyətləri olacaq:
özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin ixtisas imtahanlarına hazırlanmasında onlara metodiki köməklik göstərmək;
özəl məhkəmə ekspertlərinin fəaliyyətini əlaqələndirmək və onların təlimini təşkil etmək;
özəl məhkəmə ekspertləri tərəfindən etik davranış kodeksinin tələblərinə riayət edilməsinə nəzarət etmək;
dövlət orqanlarında (qurumlarında) özəl məhkəmə ekspertlərini təmsil etmək və onların hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;
özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərini, habelə icra intizamını pozmasına işarə edən kifayət qədər dəlillər olduqda onun barəsində bu qanuna uyğun olaraq intizam icraatının başlanılması barədə İntizam Komissiyasına təqdimat vermək;
məhkəmə ekspertizası fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;
digər ölkələrin məhkəmə ekspertləri, həmçinin beynəlxalq təşkilatlarla və hüquqi şəxslərlə əməkdaşlıq etmək.
Özəl məhkəmə eksperti Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olacaq.
Özəl məhkəmə ekspertinin fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyünə xitam veriləcək.
Özəl məhkəmə ekspertləri barəsində intizam icraatı
Özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərinin, habelə icra intizamının pozulmasına yol verdikdə onun barəsində intizam tənbehi tətbiq olunacaq. Özəl məhkəmə eksperti barəsində intizam icraatı İntizam Komissiyası tərəfindən aparılacaq. Özəl məhkəmə eksperti barəsində intizam tənbehinin tətbiqi intizam icraatını aparmış İntizam Komissiyasının rəyinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.
İntizam Komissiyasının tərkibi, formalaşdırılma qaydası və əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Özəl məhkəmə eksperti barəsində intizam icraatı müvafiq icra hakimiyyəti orqanının və ya Palatanın təqdimatı əsasında başlanılacaq. Təqdimata baxılması və intizam icraatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
Özəl məhkəmə ekspertinin intizam icraatı zamanı yazılı izahat, habelə zəruri məlumat və sənədləri verməkdən imtina etməsi intizam tənbehinin tətbiq edilməsinə mane olmayacaq.
İntizam Komissiyasının yekun rəyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl məhkəmə ekspertinə intizam pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq aşağıdakı tənbeh növlərindən biri tətbiq olunacaq:
töhmət;
min manatdan iki min manatadək məbləğdə cərimə;
özəl məhkəmə eksperti şəhadətnaməsinin ləğvi.
Cərimə üzrə məbləğlər üçün Palatanın bank hesabına köçürüləcək.
İntizam tənbehi burada nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir il keçənədək, törədildiyi gündən iki il keçənədək verilə biləcək və özəl məhkəmə ekspertinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt bu müddətə daxil edilməyəcək.
Töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olacaq.
İntizam tənbehinin verilməsi qərarla rəsmiləşdiriləcək. Verilmiş qərar üç iş günü ərzində özəl məhkəmə ekspertinə elan olunacaq və əmrin surəti ona təqdim ediləcək. Özəl məhkəmə eksperti əmrdən inzibati qaydada və məhkəməyə şikayət verə biləcək.
Özəl məhkəmə ekspertinə intizam tənbehi tətbiq olunmadan yazılı və ya şifahi xəbərdarlıq edilə biləcək. Xəbərdarlıq intizam tənbehi hesab edilməyəcək.
Özəl məhkəmə eksperti fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmayacaq.
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi
"Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna əsasən məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (muzdlu işə aid olmayan fəaliyyətdən gəlir) hesab ediləcək və vergitutma obyekti olacaq.
Özəl məhkəmə eksperti üçün bu vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulacaq.
Özəl məhkəmə ekspertləri 10 faiz dərəcə ilə hər ay hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
Özəl məhkəmə ekspertləri onlara ödənilən ekspertiza haqlarına münasibətdə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verməlidirlər.
"Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
Özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortası ilə əhatə olunacaqlar və gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
"Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla vergi ödəyicisi kimi vergi uçotuna alınmış özəl məhkəmə ekspertləri icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər.
Keçid müddəalar
Palata dövlət qeydiyyatına alınanadək onun "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" müəyyən edilmiş səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Palata dövlət qeydiyyatına alınanadək özəl məhkəmə ekspertlərinin üzvlük haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək və özəl məhkəmə ekspertizası fəaliyyətinin məqsədləri üçün istifadə olunacaq.
Palata Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş özəl məhkəmə ekspertləri tərəfindən təsis ediləcək. 2027-ci il iyulun 1-dək Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertlərinin sayı 50 nəfərə çatmazsa, təsis yığıncağı Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertlərinin azı üçdə ikisinin iştirakı ilə keçiriləcək. İclasa təsis yığıncağında iştirak edən ən yaşlı özəl məhkəmə eksperti sədrlik edəcək.
Məhkəmə Ekspertləri Reyestrinə 50 özəl məhkəmə eksperti daxil edildikdən sonra bir il müddətində Palata təsis edilməzsə, təsis yığıncağı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən çağırılacaq.
Palata dövlət qeydiyyatına alındığı andan Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş bütün özəl məhkəmə ekspertləri onun üzvü hesab ediləcəklər.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Respublica.az
30-10-2026, 15:33 | Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı

Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin, Bitkiçilik Elmləri İnstitutunun, eləcə də Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutunun strukturlarını, işçilərinin say həddini və əməkhaqlarının məbləğini təsdiq edib.
Trend-in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərar Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.
Qərara əsasən, qeyd olunan qurumların vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlərin məbləğləri təsdiqlənib.
Sənədlə üç qurumun təşkilati strukturu və ştat sayı da müəyyənləşdirilib.
Respublica.Az
19-09-2026, 13:14 | Azərbaycanda 90 məktəblə bağlı qərar verildi

Təmayül tədris modeli tətbiq olunan məktəblərin sayı artırılacaq.
Respublica.az bildirir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində deyib.
Onun sözlərinə görə, təmayül tədris modeli tətbiq edilən bəzi məktəblər yenidən yaradılıb və həmin müəssisələrdə göstəricilər əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb.
"Eyni zamanda həmin məktəblərin göstəricilərini yerləşdikləri şəhərin və yaxud rayon mərkəzlərinin ali təhsil müəssisələrinə qəbul göstəriciləri ilə müqayisə etdikdə bu məktəblərin ciddi şəkildə, müsbət mənada fərqləndiyini görürük", - o deyib.
Bağırov bildirib ki, nəticələrin müsbət dinamikası layihənin əhatə dairəsinin genişləndirilməsi barədə qərar qəbul edilməsinə səbəb olub.
Direktor qeyd edib ki, qısa müddət ərzində daha 90 məktəbin layihəyə cəlb olunması nəzərdə tutulur. Onun sözlərinə görə, bununla bağlı 16 minə yaxın valideyn müraciəti qeydə alınıb və həmin məktəblərdə artıq tədris prosesinə başlanılıb.
E.Bağırov növbəti tədris ilinin sonunda yeni layihəyə qoşulan məktəblərin də yüksək nəticələr göstərəcəyini ümid etdiyini vurğulayıb.(axar.az)
Respublica.az
17-09-2026, 09:26 | NOVXANIDA DƏNİZ SAHİLİ ZƏBT OLUNUR? – QANUNSUZ TİKİNTİYƏ KİM “YAŞIL İŞIQ” YANDIRIB?

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Fövqəladə Hallar Nazirliyi sahildə aparılan tikinti işlərindən xəbərdardırmı?
Sumqayıt şəhər, Novxanı ərazisində, dənizkənarı sahədə aparıldığı bildirilən tikinti işləri ciddi suallar doğurur. Redaksiyamıza daxil olan məlumatlara əsasən, dənizin mühafizə zolağına düşdüyü iddia edilən ərazidə tikinti işləri həyata keçirilir. Burada əsas sual budur: Dəniz sahilində, xüsusi mühafizə rejiminin tətbiq oluna biləcəyi ərazidə bu tikintiyə kim icazə verib? Qanun tələbləri kənara qoyulub? Azərbaycan qanunvericiliyinə əsasən, su obyektlərinin mühafizə zonalarında və sahilboyu ərazilərdə tikinti fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq edilir. Belə ərazilərdə tikinti aparılması üçün torpaq sahəsinin hüquqi statusu, şəhərsalma sənədləri, müvafiq razılaşdırmalar və qanunla tələb olunan icazələr araşdırılmalıdır.
Sahil zolağında da “kiminsə razılığı” qanundan üstün tutulur?
Zakir Fərəcov və aidiyyəti qurumlar niyə susur?
Sahildə aparılan tikinti işləri ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların mövqeyi maraq doğurur. Tikintiyə icazə verilibsə, bu icazəni hansı qurum və hansı hüquqi əsasla verib?
FHN-in Dövlət Şəhərsalma və Tikinti Təhlükəsizliyi üzrə nəzarət səlahiyyətləri çərçivəsində hər hansı yoxlama aparılıbmı?Tikinti layihəsi və ərazi üzrə şəhərsalma sənədləri mövcuddurmu?Bu sualların cavabsız qalması cəmiyyətdə haqlı narahatlıq yarada bilər.Dəniz sahili şəxsi maraqlar naminə mənimsəniləcək ərazi deyil. Sahil zolağının qanunsuz zəbt edilməsi və tikinti qaydalarının pozulması ilə bağlı iddialar varsa, dövlət qurumları məsələni araşdırmalı və nəticəni açıqlamalıdır.İcra hakimiyyəti nəyi gözləyir?Əgər tikinti qanunsuz aparılırsa, aidiyyəti qurumların fəaliyyətsizliyi ilə bağlı suallar yaranır. Əgər tikintinin bütün hüquqi əsasları mövcuddursa, həmin sənədlərin açıqlanması ictimai marağa cavab verər.Cəmiyyətin bilməyə haqqı var: Dəniz sahilində tikintiyə kim icazə verib və dövlət qurumları bu prosesə nəzarət edirmi?
Respublica.az
17-09-2026, 09:08 | Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - VİDRO
[center]
[/center]1 ildən artıqdır təmir işləri aparılır, piyadalar ərazidə əziyyət çəkirlər.
Respublics.az xəbər verir ki, görüntüləri universitet tələbələri çəkərək "Xəzər Xəbər"in qaynar xəttinə göndəriblər. Bildirilib ki, yaxınlıqdakı universitetlərdən çıxan tələbələr yolları olmadığı üçün boruların və daşların üstündən hərəkət etməli olurlar. Keçdikləri yol ensizdir. Tələbələr də çox olduğundan dərslərinə gecikirlər. Ötən aydan etibarən Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə və Koroğlu Rəhimov küçələri arasındakı hissəsində, həmçinin Rövşən Əliyev küçəsinin Böyük İpək Yolu və Araz küçələri arasındakı hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Yeni tədris ilinin başlaması ilə də ərazidən keçən piyadaların hərəkəti demək olar ki, çətinləşib.
Ərazidə çəkiliş apardığımız zaman tələbələr bildirdilər ki, 1 ildən çoxdur onlar universitetə getmək üçün bu yoldan istifadə edirlər.
Respublics.az
17-09-2026, 08:40 | DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI

Neft qiymətlərinin 100 dollardan yuxarı qalxması qlobal miqyasda yanacaq böhranını dərinləşdirib.
Musavat.com xəbər verir ki, Suriya, İndoneziya, Filippin, Nepal, Qvatemala, Portuqaliya və Fransa daxil olmaqla bir çox ölkədə qiymət artımı və yanacaq qıtlığı etirazlara səbəb olub. Bəzi ölkələrdə tətillər, yolların bağlaması və istehsalın dayandırılması halları yaşanıb. Hökumətlər isə subsidiya və qiymət məhdudiyyəti kimi tədbirləri işə salmağa başlayıblar.
Neftin barel qiymətinin 100 dolları ötməsi qlobal enerji bazarlarının hüdudlarını aşaraq birbaşa gündəlik həyata təsir etməyə başlayıb. Enerji təchizatındakı daralma nəqliyyat və elektrik xərclərini artırarkən, xüsusilə enerji idxalından asılı olan inkişaf etməkdə olan iqtisadiyyatlarda təzyiq daha kəskin hiss olunur.
Ən böyük etirazlardan bəziləri Suriyada yaşanıb.
Hökumətin dizel yanacağının qiymətini müvəqqəti olaraq təxminən 40 faiz artıraraq litr üçün 175 Suriya funtuna qaldırması, benzinin qiymətində isə 25 faizdən çox artım etməsi narazılığa səbəb olub. Nümayişçilər təkərlər yandıraraq bəzi yolları bağlayıblar. Həsəkə-Deyr əz-Zor avtomobil yolu da etirazların baş verdiyi məntəqələr arasındadır. Suriya rəhbərliyi isə qiymət artımını qlobal yanacaq qiymətlərindəki yüksəliş və Baniyas Neft Emalı Zavodundakı təmir işləri səbəbindən idxaldan asılılığın artması ilə izah edib

İndoneziyada yanacaq qıtlığı, elektrik kəsilmələri və norma ilə paylanma tətbiqləri etirazlara yol açıb.
Cənubi Sulavesinin Makassar şəhərində benzin və məişət qazı qıtlığının yaşandığı bildirilir. Taksi sürücləri nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının tək və ya cüt rəqəmlə bitməsinə görə tətbiq edilən yanacaq məhdudiyyətinə etiraz ediblər. Cokyakartada da tələbələr artan yanacaq qiymətlərinə qarşı nümayişlər keçiriblər.
Filippində ard-arda gələn yanacaq artımlarından sonra nəqliyyat işçiləri tətilə başlayıblar.
Sürücülər hökumətdən subsidiya verilməsini və yanacaq vergilərinin ləğv olunmasını tələb ediblər. Artan xərclərin qazanclarının böyük hissəsini əritməsi səbəbindən avtobus sürücləri və taksi tətbiqlərində çalışanlar da etirazlara qoşulublar. Manila körfəzi ətrafındakı bəzi balıqçıların isə qayıqlarına yanacaq ala bilmədikləri üçün dənizə çıxa bilmədikləri bildirilib. Qonşu Vyetnamda da taksi tətbiqlərinin sürücləri artan yanacaq xərclərinə qarşı boykot çağırışı ediblər.
İstehlak etdiyi neftin 90 faizindən çoxunu idxal edən Banqladeşdə enerji böhranı sənaye istehsalına da zərbə vurub.
Elektrik qıtlığı səbəbindən enerji istifadəsinə məhdudiyyətlər qoyularkən, bəzi hazır geyim fabrikləri müvəqqəti olaraq istehsalı dayandırmaq məcburiyyətində qalıb. Qaz qıtlığı səbəbindən dizel istifadəsinə yönələn müəssisələr bu dəfə də artan dizel qiymətləri ilə üz-üzə qalıblar. Qazipurdakı bir fabrikdə elektrik kəsilmələrinin gündə dörd-beş dəfə baş verdiyi bildirilib.
Şri-Lankada yanacaq paylayıcıları yeni qiymət artımı gözləntisi səbəbindən təchizatı məhdudlaşdırmağa başlayıblar.
Səlahiyyətlilər dövlət tərəfindən müəyyən edilən yanacaq qiymətlərinin artırılması ilə subsidiya tətbiq edilməsi seçimlərini qiymətləndirirlər. Yüksək borc yükü səbəbindən hökumətin istehlakçını dəstəkləmək üçün atacağı addımların dövlət maliyyəsi üzərində yeni təzyiq yarada biləcəyi vurğulanır.
Pakistan rəhbərliyi isə artan qiymətlərin vətəndaşlara təsirini azaltmaq məqsədilə motosikletlər, rikşalar və kiçik avtomobillər üçün litr başına 100 rupi subsidiya açıqlamaq yolunu seçib.
Qərarın yüksək yanacaq qiymətlərinə və neft vergisinə qarşı keçirilən etirazlardan sonra verilməsi enerji böhranının hökumətlər üzərindəki təzyiqini aydın göstərir.

Nepalın paytaxtı Katmanduda tələbələr məişət qazı qıtlığına etiraz ediblər.
Nümayişçilər artan yaşayış xərclərinin ev təsərrüfatları üzərindəki yükünün ağırlaşması səbəbindən hökumətdən təcili tədbir görməsini tələb ediblər.
Böhranın təsirləri Latın Amerikasına da çatib. Qvatemalada yük maşını sürücləri və digər etirazçılar bəzi avtomobil yollarını bağlayıblar.
Yerli qruplar və nəqliyyat işçiləri də paytaxtda yürüş təşkil edərək hökumətdən müdaxilə tələb ediblər. Ölkə Konqresində yanacaq qiymətlərinin ilin sonunadək məhdudlaşdırılmasını nəzərdə tutan layihə qiymətləndirilir. Plan çərçivəsində qiymətlərin müəyyən olunmuş tavanı keçəcəyi təqdirdə aradakı fərqin dövlət dəstəyi ilə qarşılanması gündəmdədir.
Yanacaq qiymətlərinə qarşı narazılıqlar Avropada da özünü göstərib. Portuqaliyada sürücülər avtomobilləri ilə nəqliyyatı ləngitmə aksiyaları təşkil edərkən, Espinyodakı nümayişçilər Baş nazir Luış Monteneqronun evinə doğru yürüş ediblər.
Hökumət yükdaşıma şirkətləri, taksi sürücləri, yanğınsöndürənlər və sosial sektor üçün dəstək tədbirləri elan edib.
Fransanın cənubunda isə təxminən 50 balıqçı Fos-sür-Merdəki böyük bir yanacaq anbarının girişini bağlayıb.
Etirazçılarla polis arasında qısamüddətli qarşıdurma yaşanıb. Yerli hakimiyyət orqanları balıqçılıq sektorunun ciddi böhranla üz-üzə qaldığını və mərkəzi hökumətdən təxirəsalınmaz müdaxilə gözlənildiyini açıqlayıb.

Neft qiymətlərinin uzun müddət yüksək səviyyədə qalacağı təqdirdə böhranın daha geniş iqtisadi problemə çevrilə biləcəyinə diqqət çəkilir. Dizel - yük maşınlarından avtobuslara, balıqçı qayıqlarından kənd təsərrüfatı texnikasına və fabriklərə qədər iqtisadiyyatın bir çox sahəsində istifadə olunur. Bu səbəbdən yanacaqdakı artım qısa müddətdə ərzaq, nəqliyyat və digər təməl ehtiyacların qiymətlərinə reflected olunur.
Hökumətlərin qarşısında iki çətin seçim var: subsidiya, vergi güzəştləri və ya qiymət tavanı ilə istehlakçını qorumaq dövlət maliyyəsinin yükünü artırır; qiymət artımlarını birbaşa vətəndaşa əks etdirmək isə inflyasiyanı və ictimai narazılığı böyüdür. Neft qiymətlərindəki yüksəliş beləliklə qlobal enerji böhranından bahalaşma və yaşayış çətinliyi probleminə çevrilir.
İqbal RZAYEV,
Musavat.com
5-09-2026, 09:50 | Eyni ərazidə oxşar ev, amma kəskin qiymət fərqi, səbəbi nədir? - VIDEO

Eyni küçə, eyni bina, eyni ölçü və hətta eyni səviyyədə təmir. Amma, qiymətlər arasında on minlərlə manat fərq var... Bakının mənzil bazarında son dövrlər daha aydın hiss olunan bu fərqin əsas səbəblərindən biri evin inşaatında istifadə edilən materiallar yox, sənədləridir...
Respublica.Az bildirir ki, əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, çıxarışı olan həm çoxmənzilli binalardakı mənzillər, həm də fərdi yaşayış evləri alıcı üçün daha etibarlı hesab olunur. Məhz buna görə də eyni xüsusiyyətlərə malik daşınmaz əmlak arasında 40-60 min manata qədər qiymət fərqi yarana bilir.
Vətəndaşlar Kənardan daha sərfəli görünən müqaviləli mənzillərə də maraq göstərirlər bu da bəzi halalrda onlara baha başa gəlir. Çünki, alqı-satqı zamanı hüquqi vəziyyəti tam aydın olmayan əmlakla bağlı sonradan mülkiyyət hüququnun rəsmiləşdirilməsi, satış və digər hüquqi prosedurlarda çətinliklər yarana bilər.
Buna görə də mütəxəssislər mənzil alarkən aşağı qiymətin cazibəsinə aldanmamağı, ilk növbədə əmlakın hüquqi vəziyyətini araşdırmağı tövsiyə edirlər.(Xəzər TV)
Respublica.Az
4-09-2026, 09:33 | Bakıya qarşı yeni ittifaq mesajı?

Puya Hüseyni bildirib ki, İranın qonşularının hamısı müsəlman dünyasına aid olsa da, “yeganə etibarlı qonşu xristian ölkəsi Ermənistandır" və daha nələr...
Rəsmi Bakı ilə Tehran arasında münasibətlərin rəısmilər tərəfindən tənzimləınməsinə baxmayaraq, iranlı politoloq Puya Hüseyni Ermənistanı ölkəsinin 15 qonşusu arasında “ən etibarlısı” və “təbii müttəfiq” adlandırıb.
Musavat.com erməni mediasına istinadla xəbər verir ki, politoloq Tehran-İrəvan münasibətlərinin yalnız qonşuluq və iqtisadi əməkdaşlıq çərçivəsində deyil, təhlükəsizlik və geosiyasi maraqlar baxımından mühüm olduğunu deyib.

Hüseyni bildirib ki, İranın Ermənistanla münasibətlərinin “alternativi yoxdur”. Onun fikrincə, iki xalq minilliklər ərzində bir-birinin yanında yaşayıb, xarici təhdidlərlə üzləşib və müxtəlif dövrlərdə bir-birinə dəstək verib.“İranın 15 qonşusu var və bizim üçün ən etibarlı qonşu həmişə Ermənistan olub. Biz minilliklər boyu dost olmuşuq. İran üçün Ermənistanla münasibətlər eyni zamanda qonşu, müttəfiq və tərəfdaşla münasibətlərdir və bunun alternativi yoxdur”, – deyə politoloq vurğulayıb.
Politoloqun fikrincə, İranın digər qonşularının əksəriyyəti müəyyən dövrlərdə Tehrana qarşı hərbi bazaların yerləşdirilməsinə şərait yaradıb və ya İrana qarşı addımlar atıb. Ermənistanın isə onilliklər ərzində İran üçün etibarlı qonşu olaraq qaldığını iddia edib. İranlı politoloq burada Ermənistanın xristian ölkəsi olmasına da xüsusi diqqət çəkib. O bildirib ki, İranın qonşularının hamısı müsəlman dünyasına aid olsa da, “yeganə etibarlı qonşunun xristian ölkəsi olması” Tehranın xristianlara və ermənilərə münasibəti baxımından mühüm göstəricidir.
Hüseyni hesab edir ki, İran və Ermənistan arasındakı münasibətlər digər dövlətlərlə qurulan əlaqələrdən fərqlənir. Onun sözlərinə görə, dövlətlərin böyük hissəsi İranla öz qısamüddətli və ya uzunmüddətli maraqları naminə əməkdaşlıq edir. Ermənistanla münasibətlər isə belə seçimə əsaslanmır.“Digər ölkələr bizimlə öz maraqları üçün əməkdaşlıq edir. İran və Ermənistan isə təbii müttəfiqlərdir. Bu münasibətlər təbii qonşuluğa və təbii müttəfiqliyə əsaslanır”, – deyə o bildirib.
Politoloq təhlükəsizlik məsələsinə də xüsusi önəm verib. Onun sözlərinə görə, tarixən İranın təhlükəsizliyi Ermənistanın təhlükəsizliyi ilə, Ermənistanın təhlükəsizliyi isə İranın təhlükəsizliyi ilə bağlı olub. Hüseyni bununla yanaşı, iki ölkənin müstəqillikdən sonra keçən 30 ildən artıq müddətdə münasibətlərin bütün potensialından istifadə edə bilmədiyini düşünür. O, İran-Ermənistan arasında illik ticarət dövriyyəsinin təxminən 700 milyon dollar təşkil etdiyini və bu göstəricinin iki ölkənin iqtisadi imkanları ilə müqayisədə çox aşağı olduğunu bildirib.
Onun açıqlamasında ən diqqətçəkən məqamlardan biri regiondakı nəqliyyat və enerji marşrutları ilə bağlı fikirləridir. İranlı politoloq hesab edir ki, hazırda dünyada “dəhlizlər savaşı” gedir. Onun sözlərinə görə, bu mübarizə Yaxın Şərqdən Cənubi Qafqaza, oradan isə Mərkəzi Asiyaya qədər uzanır. Dövlətlər əsas nəqliyyat və enerji marşrutlarının öz ərazilərindən keçməsinə çalışır, eyni zamanda rəqib hesab etdikləri ölkələrin ərazilərindən yan keçən alternativ marşrutlar yaratmağa cəhd göstərirlər.
Hüseyni hesab edir ki, belə bir şəraitdə İran və Ermənistanın geosiyasi əhəmiyyəti daha da artır. O, Şimal-Cənub layihəsini və Fars körfəzi ilə Qara dənizin birləşdirilməsi ideyasını xüsusi qeyd edib. Eyni zamanda İranla Ermənistan arasında hələ də tammiqyaslı dəmir yolu əlaqəsinin olmamasını ciddi problem adlandırıb. “Biz iki min ildir yan-yana yaşayırıq, amma dəmir yolu əlaqəmiz yoxdur. Bu, ölkələrimiz arasındakı əlaqələrə və onların geosiyasi imkanlarına çox mənfi təsir göstərib”, – deyə bildirib.

"İran-Ermənistan dəmir yolunun yaradılması yalnız iqtisadi hesablamalarla ölçülməməlidir. Bu xətt iki ölkənin strateji və geosiyasi mövqeyini gücləndirə bilər.Hüseyni həmçinin xəbərdarlıq edib ki, qonşu və rəqib dövlətlər İran və Ermənistanın regional rolunun artmasını istəmir. Onun sözlərinə görə, həmin dövlətlər hər iki ölkədən yan keçən marşrutlar yaratmağa çalışır, marşrutlar İran və Ermənistan ərazisindən keçdikdə isə onların geosiyasi rolunu minimuma endirmək istəyirlər. Rəqib və qonşu ölkələrimiz həm İrandan, həm də Ermənistandan yan keçmək üçün hər şeyi edirlər. Marşrutlar bizim ərazilərimizdən keçirsə, çalışırlar ki, ölkələrimizin rolu minimum olsun və biz yalnız tranzit əraziyə çevrilək”, – deyə o bildirib.
Politoloq hesab edir ki, Tehran və İrəvan buna qarşı öz strategiyalarını hazırlamalıdır, hər iki ölkə yalnız tranzit ərazi rolunda qalmaqla kifayətlənməməli, nəqliyyat və enerji layihələrindən daha böyük geosiyasi təsir əldə etməlidir.
“Biz bunu balanslaşdırmalıyıq. İki ölkənin əməkdaşlığı sayəsində bu böyük geosiyasi oyunda birlikdə rol oynaya bilərik”, – deyə Hüseyni vurğulayıb. Bununla belə, o, İranın güclənməsinin Ermənistanın zəifləməsi hesabına, Ermənistanın güclənməsinin isə İranın rolunun azalması hesabına baş verməməli olduğunu bildirib. Hüseyninin fikrincə, iki ölkə bir-birini tamamlamalıdır. “İranın fəaliyyəti Ermənistanın geosiyasi rolunun azalmasına, Ermənistanın fəaliyyəti isə İranın geosiyasi rolunun azalmasına gətirib çıxarmamalıdır. Biz bir-birimizi tamamlamalıyıq”, – deyə politoloq bildirib.
Hüseyni sonda İran və Ermənistanın uzunmüddətli təhlükəsizlik və maraqlarını qorumaq üçün ortaq strategiya hazırlamalı olduğunu deyib.(Musavat.com)
Respublica.az











